|
|
Həftə içi, 22.11.2005
S.Vurğun adına
Azərbaycan Dövlət Rus Dram Teatrının paytaxt Moskva və Rusiyanın
Belqorod, Bryansk və Oryol şəhərlərinə planlaşdırılan iki həftəlik
ziyarəti haqda qəzetimizin ötən saylarında məlumat vermişdik.
Xatırlatma olaraq qeyd edək ki, 1-11 noyabr tarixləri arasında baş
tutan qastrol səfəri çərçivəsində rusiyalı seyrçilər
M.F.Axundzadənin "Lənkəran xanının vəziri", A.P.Çexovun "Qağayı",
Bayerin "Qarışıq hisslər" tamaşasını görmək imkanını qazanıblar.Bir
neçə gün öncə vətənə dönən yaradıcı heyət təəssüratlarını bölüşmək
məqsədilə dünən teatrda KİV nümayəndələrilə görüşdülər.
Teatrın baş rejissoru Aleksandr Şarovski
səfərin gerçəkləşməsində Rusiya Federasiyasının Teatr Xadimləri
İttifaqı MDB və Baltik ölkələrində rus teatrlarına Dəstək
Mərkəzinin, Rusiya Xarici İşlər Nazirliyinin və Rusiya prezidenti
Vladimir Putinin rolunu vurğuladı:"Təxminən bir il öncə "Teatralğnae
jiznğ" jurnalının baş redaktoru Oleq İvanoviç Pivavarov Bakıda
səfərdə olarkən bizim teatrın repertuarı ilə yaxından tanış olmuşdu.
Qeyd edim ki, Oleq Pivavarov Rusiyanın əməkdar incəsənət xadimi
olmaqla yanaşı, teatr aləmində kifayət qədər nüfuza malik bir
insandır. Bizim tamaşalardan aldığı məmnunluq hissi məhz məlum
səfərə zəmin yaratdı. Səfərin baş tutub-tutmayacağı, demək olar ki,
onun teatrlarımız haqda alacağı qənaətə bağlı
idi...". Qeyd edək ki, Azərbaycanı təmsil edən
teatrımız, sözün həqiqi mənasında, diqqəti mərkəzin üzərinə
yönəltməyi bacarmışdı. Düzənlənən mətbuat
toplantıları, Rusiyanın yerli kütləvi informasiya vasitələrinin
aktiv şəkildə reallaşdırdığı təbliğat, mədəniyyət idarələrinin, o
cümlədən, dövlət səviyyəsində keçirilən rəsmi görüşlər gəldiyimiz
qənaətə əsas verir. Təbii ki, Rusiya mətbuatını maraqlandıran əsas
suallar arasında rus teatrının Azərbaycanda fəaliyyət səviyyəsi, rus
dilinə və rus məktəblərinə münasibət, ümumiyyyətlə, dövlətimizin
mədəniyyətə və incəsənətə göstərdiyi qayğı və s. vardı. Hansı ki,
baş rejissor Aleksandr Şarovski kifayət qədər dolğunluğu ilə
cavablandırıb. Bildirib ki, Azərbaycan, özəlliklə də Bakı şəhəri
beynəlmiləldir, müxtəlif millət və din nümayəndələri sülh şəraitində
firavan yaşayır, rus dilinin tədrisinə və rus məktəblərinin
mövcudluğuna dövlət tərəfindən heç bir təzyiqlər edilmir. Əksinə,
orta və ali təhsil ocaqlarında rus dilinin tədrisi öz qüvvəsini
saxlamaqla yanaşı, son illərdə rusdilli qəzetlərin say etibarilə
çoxalması da təqdirəlayiqdir. Mədəniyyət sahəsi, xüsusilə də teatrın
repertuar siyasəti, yaradıcı truppanın professional kadrlarla
zənginləşməsi, həmçinin maddi problemlərə dair suallara gəlincə,
teatr rəhbərliyi MBD ölkələrində olduğu kimi, Azərbaycanda da
bənzərliklərin olduğunu bildirib. Və əlavə edib ki, gənc kadrların
professional pilləyə yüksəlməsində S.Vurğun adına Rus Dram Teatrının
nəzdində fəaliyyət göstərən studiyanın rolu danılmazdır.
Maraqlıdır ki, tamaşaları ilə hər kəsi heyran
edən yaradıcı kollektivin bəs bu səfərdən gözlədikləri və qazancları
nələr oldu? Teatrın direktoru Marat İbrahimovun fikrincə, əsas
məqsədimiz Azərbaycan teatrını tanıtmaq, sevdirmək idi. Hansı ki,
buna nail olduq. Eyni zamanda, fərqli tamaşaçı zalının atmosferini,
fərqli seyrçi ruhunu hiss etmək ehtiyacımızı ödəmiş olduq. Bundan
başqa, müxtəlif şəhərlərə səfər edən gənc aktyorlara auditoriyanın
fərqliliyini, müxtəlifliyini göstərmək, yəni professional çalışmalar
varsa, məkanından asılı olmayaraq hər yerdə sevilmək, layiqincə
dəyərləndirmək şansının yüksək olması düşüncəsini anlatmaq və
aşılamaq idi.
Sevda Babayeva
|
|
|
|
|
|